Bu yaxınlarda Bakı küçələri plastik butulkalara ev sahibliyi edirdi. Şəhər sakinləri isə Çaykovskinin “Qu gölü” baletindəki o məşhur epizoddakı kimi butulkaların yanından süzə-süzə qaçırdılar. Sanki oradakı plastik butulkaları heç kim görmürdü. Həmin məqamda yadıma düşən ilk şey otaqdakı fil ifadəsi idi. İngilis dilində istifadə olunan elephant in the room metaforik ifadəsi hamının görüb bildiyi, lakin heç kimin müzakirə etmək istəmədiyi böyük və əhəmiyyətli mövzunu təsvir etmək üçün istifadə olunan məzəli idiomadır.
Sakit okeanda da bir ada var, adı Böyük Zibil Adasıdır. O ada ki, oranın balaca qara balıqları bir gün plastik tullantılardan ibarət olmayan açıq səmaya çıxmağı arzulayırlar. Bu ada yuxarıda izah etməyə çalışdığım ifadənin ən yaxşı nümunəsi, plastik tullantı mədəniyyətinin isə ən bariz nəticəsidir.

Əziyyət çəkib Vikipediyada axtarış verməyəsiniz deyə sizin üçün qısa bir xülasə verim. Az qala divarlarımızdan asdığımız dünya xəritəsində öz yerini rəsmiləşdirəcək qədər iri olan bu plastik ada Havay adaları və Kaliforniya arasında yerləşərək 1.6 milyon km2 sahəni əhatə edir. 50 ildir mövcud olduğu təxmin edilən bu ərazi məhvi təxminən min il ərzində mümkün olacaq antik plastik tullantılardan ibarətdir.

Edo dövründən sənaye dövrünə
Yeddinci qitə olaraq da bilinən bu ada ilə bağlı gördüyünüz bu təsvir Edo dövrünə aid olan rəssam Hokusainin “Böyük Dalğa” əsərinə analoji olaraq yaradılmışdır. Təsadüfi deyil ki, Edo dövründə Yaponiya məhdud resurs probleminin qarşısının alınması yolunda təkrar istehsala keçid edən, ilk dayanıqlı inkişaf siyasətini tətbiq edən ölkə kimi tarixə imzasını atmışdır. Bu dövrdə əgər hər hansı bir kağız parçası cırılsa idi, ona yamaq vurub təkrar istifadəyə yararlı edirdilər. Yaponların bu siyasətinin uğurlu olmasının əsas səbəbi onların məqsədinin tullantıları azaltmaq yox, eyni zamanda, istifadə oluna bilən hər bir əşyaya dəyər vermələri və onlara əxlaqi cəhətdən yanaşmaları idi.. Sadəcə maraqlısı budur ki, bu gün böyük zibil adasının yaranmasına səbəb olan ölkələr siyahısında Yaponiya birinci yerdə gəlir. Yəni sənaye dövrü öz sözünü burada da deyib.
Amerikanın oyunları
Sənaye dövrü demişkən, neft industriyası inkişaf etdikdən sonra plastik məhsul reklamlarının artması 1960-ci illərdən başlayaraq insanların plastik tullantılarla bağlı kəskin etirazına səbəb oldu. Buna görə də, müasir təkrar istehsal ideyası ortaya atıldı. Sonralar Plastik Sənaye Assosiasiyasının sabiq direktoru Lerri Tomas bu cümlə ilə çıxış etdi: “əgər insanlar təkrar istehsalın işə yaradığını düşünsə, ətraf mühit barədə artıq narahat olmayacaqlar”. Yəni bu bir növ insanları sakitləşdirmək üçün düşünülmüş bir vasitə idi. O, təkrar istehsal prosesinin çətin, vaxt və maliyyə tələb edən bir proses olduğunu bildirirdi. Yəqin, elə buna görədir ki, bu günə qədər istehsal olunan bütün növ plastiklərin sadəcə 9%-i təkrar istehsal edilmişdir.

Sözügedən təkrar istehsalın iki növü mövcuddur: upcycling və downcycling. Əgər siz bir tullantını yaradıcı şəkildə daha yaxşı bir məhsula dönüşdürsəniz, bu upcycling, əvvəlki halından aşağı səviyyəli bir şeyə çevirsəniz, bu downcycling olacaq. Upcycling daha çox ecofriend və yaradıcı şəxslərin təcrübə etdiyi bir istehsal növüdür. Downcycling zamanı isə xam məhsul öz effektivliyini itirdiyinə görə bir plastik məhsul yalnız 1 dəfə, ən pis halda isə 2 dəfə təkrar istehsal edilə bilir. Eyni zamanda, məhsul öz keyfiyyətini də itirdiyinə görə şirkətlər bakirə plastik (virgin plastic) istehsal etməyə daha çox üstünlük verirlər. Bu növ plastiklər ilk dəfə istehsal olunan, əlavə məhlul əlavə edilməyən plastiklərdir.
Bəzi məhsulları isə təkrar istehsal etmək, ümumiyyətlə, mümkün deyil. Əgər siz məhsulun təkrar istehsala yararlı olub-olmadığını öyrənmək istəyirsinizsə, üzərində içərisində birdən yeddiyə qədər rəqəm olan üçbucaq etiketlərə nəzər sala bilərsiniz. 1 və 2 təkrar istehsala yararlı, 3-7 isə təkrar istehsala yararlı deyil deməkdir.
Təkrar istehsal terminologiyasında wishcycling anlayışı da var. Məsələn, bir məhsulun təkrar istehsala yararsız olduğunu bildiyin halda, əgər sən onu təkrar istehsal oluna bilər ümidi ilə müvafiq qutuya əlavə edirsənsə, sən wishcycle etmiş olursan. Nəticədə digər tullantıların təkrar istehsalına əngəl yarada, onların çeşidlənməsində zaman itkisinə səbəb ola bilirsən.
Plastik tullantılar bu gün iqlim dəyişikiyində böyük rol oynayan faktorlardan biridir, çünki təkrar istehsal oluna bilməyən tullantılar yandırılaraq atmosferə zərərli maddələrin buraxılmasına yol açır. Qarışıq tullantıların yandırılmasından enerji (bioenerji) əldə edilməsinə dair məlumatlar olsa da, nə qədər effektiv olduğuna dair məlumatımız yoxdur. Elə isə, mən yenə üzümü sizə tutub, əməl edəcəyinizə inandığım bir-iki həll yolu təklif etmək istəyirəm.
“No man”
“Yes man” adlı filmdə baş rol ifa edən Cim Kerrinin üzləşdiyi uğursuzluqların hə deməyi təbliğ edən seminara qatıldıqdan sonra ard-arda gələn uğurlara çevrildiyinin şahidi oluruq. Düşünürəm ki, bunun əksi qlobal problemlərin həll edilməsi yolunda bizə yardımçı ola bilər. Mən, yox deməklə bağlı seminar təşkil edə bilməsəm də, bu yazımla sizə təklif edirəm ki, yox deməyi öyrənək və plastik tullantıların azaldılmasına vəsilə olaq.

Alış verişə getdiyiniz zaman beyniniz ləzzətə, rahatlığa, əlverişliliyə yox deməyi bacarmalıdır. Daha optimal varinatı fikirləşməlidir. Məsələn, plastik butulkalardan imtina edin və şüşə qablaşdırmalı məhsulların alışını həyata keçirin. Onların təkrar istehsalı daha asan başa gəlir, nəinki plastik məhsulların. Bir ədəd parça çanta (ecobag) alın və daim üzərinizdə daşıyaraq istənilən alış-veriş əsnasında ondan istifadə edin. Aldığınız məhsulu tullantıya çevirməkdə tələsməyin. Özünüz istehsal edin. Kreativ olun. Dünyanın xətrinə nələrsə yaradın. Gördünüz olmur, əlverişli olduğu üçün plastik məhsul əldə etməkdə də qərarlısınız, o zaman rica edirəm, heç olmasa yuxarıda da qeyd etdiyim kimi 1 və ya 2 rəqəm ilə etiketlənən məhsulu əldə edin. Əlinizdən gələni edin ki, məhsulunuz təkrar istehsal qutusuna gedib çatmasın. İşdir-şayət o qutuların qarşısına gəlib çıxsanız, kağız və plastik tullantılar üçün narıncı qutudan, qida və yaxud qarışıq tullantılar üçün isə yaşıl rəngli qutulardan istifadə edin.

Əgər siz bu mövzuda narahat olmağa əsas görmürsünüzsə, mən böyük məmnuniyyət hissi ilə sizi narahat edə bilərəm. Plastik tullantılar zamanla parçalanaraq mikroplastiklərə çevrilir. Məsələn, siz romantika xətrinə dəniz sahilində balıqulağı görmək istəsəniz, əvəzinə, mikroplastiklər görə bilərsiniz. Araşdırmalar nəticəsində də insanın həzm olunmuş qidasında həmin mikroplastiklər aşkar edilmişdir. Unutmayın ki, dənizdən əldə etdiyiniz qidalar həmin mikroplastiklərin məkanından gəlir.
Bu dünyanın və ya başqasının problemi olmaqdan çoxdan çıxıb, bu sənin də problemindir. Ümid edirəm, bu yazdıqlarım sənə aid deyil və sən çoxdan addım atmağa başlamısan belə.

Bir şərh yazın