Üçü birində fəlsəfə

Bu aralar özümü saray həyatından imtina edərək meşəyə çəkilmiş, nirvana axtarışında olan Budda kimi hiss edirəm. Fərqimiz odur ki, nə saray var, nə meşə, nə də ki nirvana. Əslində belə görürəm, ortada Budda kimi hiss etməyimə heç bir səbəb də yox imiş. Lakin uzun fəlsəfi axtarışlardan sonra Budda kimi mən də geridönüş edib hikmətli bir bloq yazmağa qərar verdiyim üçün belə bir metaforadan istifadə etmək istədim. Gərək bu mübaliğəmə görə Budda məni bağışlasın. Bugünkü konseptimiz iqlim dəyişikliyi probleminə fəlsəfi aspektdən yanaşmaqdır.

Ağrılarından qurtulmaq üçün çıxdığı yolda hedonizmi iliklərinə qədər dadan, həqiqəti təqib edərək hüzuru kəşf edən, sonda isə yola başlayarkən itirdiyi sevgini və özünü tapan “ Eat, pray, love” filminin qəhrəmanı Liz də Budda kimi bir səfərə çıxır. Səbəb-i istinadım bu gün sizləri belə bir səfərə çıxarmaqdır.

Ye: yesəm öldürərlər, yeməsəm ölləm

Bir çox insanın qida rasionunun sevimli hissəsi olan və böyük faizini təşkil edən fast food anlayışı bu gün iqlim dəyişikliyinə vüsət yaradan əsas faktorlardan biridir. Bu anlayış işçinin yanlız bir hərəkət funksiyasını icra etməsi və bir müddət sonra avtomatikləşməsi ilə xidmətin sürətlənməsi nəticəsində yaranmışdır. Beləliklə, alan məmnun olduğu üçün satan da məmnun olur prinsipi ilə bu fəaliyyət günümüzə qədər irəlilədi. Nəticədə həmin sektoru xammal ilə təmin edən vendorlar da eyni minval ilə daha sürətli kartof, daha sürətli ət istehsal etməyə başladılar.

Bu sürətli prosesdə meşəyə, torpağa və heyvanlara tətbiq edilənləri isə yazmağa başlasam, nə bu yazı bitəcək, nə də siz oxumağa davam edəcəksiniz. Həm də atalar deyib ki, qarın qardaşdan irəlidir. Zənnimcə, mənim təbiət problemləri ilə bağlı laübalı cümlələr qurmağımın, fast fooddan imtina etməyinizi tövsiyə etməyimin köklü surətdə heç bir mənası yoxdur. Amma yenə də “Eat, pray, love” filmində yanaşmamızı dəyişəcək bir səhnə var. Pizza sevməyən birinə pizza yedirdər deyə düşündüyüm estetik bir səhnədə qəhrəmanımız pizzasını yeyərək onunla münasibət yaşadığını, qarşısında əyləşən, yeməyinə sırf çəki alar deyə toxunmayan rəfiqəsinə isə pizza ilə ayrıldığını bildirir. Bu bənzətmədən istifadə edərək mən də sizə bəzi yeməklərlə tanış olmağınızı, onlara şans verməyinizi və zamanla aşiq olmağınızı tövsiyə edə bilərəm. O yeməklər ki, fast fooddan fərqli olaraq həm sizin sağlamlığınızı, həm də təbiəti qorumağınızı təmin edəcəklər.

Mişelin Bələdçisi tərəfindən 2020-ci ildən etibarən dayanıqlılıq sahəsində fərqlənən restoranlara verilən “Yaşıl ulduz” mükafatı ətraf mühitə mənfi təsirləri minimuma endirməklə yanaşı, insan sağlamlığını qoruyan qidalanma yanaşmasını da dəstəkləyir. Bu mükafatı əldə etmiş restoranlar kimi siz də:

  • Mövsümi qidalara üstünlük verə bilərsiniz– bəzi qidalar üçün darıxmaq lazımdır. Məsələn, hər mövsüm pomidor yeməyin xüsusi bir həzzi yoxdur. Mövsümi qidalar təbiətin dövrünə uyğun olaraq yetişdirildiyi üçün ətraf mühitə də daha az yük düşür.
  • Yerli və orqanik qidaları seçə bilərsiniz- bir çox Mişelin ulduzlu restoranlar məhsulları öz fermalarından əldə edirlər. Fermanız yoxdursa, orqanik məhsullar istehsal edən şəxslər tapa və ya rayondakı qohumlarla aranızı yaxşı edə bilərsiniz.
  • Tullantısız və az qablaşdırılan məhsullar ala bilərsiniz- deyirlər, təbiətdən, ağacdan, koldan birbaşa sizə gələn qidalar daha sağlam hesab olunur. İşlənmiş və paketlənmiş qidalar isə özləri ilə birlikdə təbiətə tullantı, bədəninizə də xəstəlik gətirir.

Hər nə qədər bu yazımda fast food olaraq pizzanın reklamını aparmış olsam da, Lizin əslində bizə demək istədiyinin fərqli bir şey olduğunu vurğulamaq istəyirəm. Yemək yalnız bədənimizi deyil, ruhumuzu da doydurur. Hippokratın da dediyi kimi, “biz nə yeyiriksə, oyuq”. Fast food yemək bədənimizi və ruhumuzu ləngidirsə, dayanıqlı qidalanma təbiətin təqdim etdiyi təzə qidalarla həm ətraf mühiti, həm də daxili dincliyimizi qidalandırır. Yediyimiz hər şey həm fiziki, həm də mənəvi səyahətimizi formalaşdırır. Bu səyahətdə tələsməyin ki, ruhunuz geridə qalmasın.

Dua et: tanrı təbiətdir

Liz kimi ruhumuzu həzzlə təmin etdikdən sonra sıra gəlir həqiqət aclığına. Hər şeyin tanrıdan yarandığına, amma tanrı olmadığına inanan panenteizmdən fərqli olaraq panteizm hər şeyin tanrının bir parçası olduğuna və bu parçaların birlikdə vəhdətinə inanır. Panteist filosof Spinoza tanrını dünyadan kənarda, insani xüsusiyyətləri daşıyan (mehriban, qəzəblənən, cəzalandıran və mükafatlandıran) bir yaradan kimi görməyi qəbul etmir, onun təbiətin içində, kainatın özündə olduğunu iddia edir. Daha açıq desək, bir növ təbiətin Tanrının özü olduğu fikrini irəli sürür. Bununla da panteist yanaşma dünyanın üzləşdiyi “Holokost” kimi faciələrin tanrının müdaxiləsi olmadan insanın harmoniyadan ayrılması nəticəsində baş verdiyini bildirir.

Növbəti belə bir hadisə iqlim dəyişikliyi ilə bağlı ola bilər. Vaxtında bu faciənin qarşısını almaq üçün isə panteist sayağı dua etməyi seçə bilərik. Panteizmdə ənənəvi “dua” ritualından çox təbiətə heyranlıq, meditasiya ön plana çıxır. Bu nöqteyi-nəzərdən təbiətə şükür etmək dua kimi qəbul edilə bilər. Buna əsaslanaraq deyə bilərik ki, dayanıqlı həyat tərzi bizim təbiətə minnətdarlığımızı əks etdirir. Məsələn, təbiətə zərər verməyən vərdişləri mənimsəməyin bir növ dua olduğunu qəbul edə bilər və şükranlarımızı tanrıya bu formada bildirə bilərik.

Sev: bütün yollar sevgiyə aparır

Lizin səyahəti sevgi ilə, daha doğrusu, özünə sevgi ilə bitir. Mən də son notları ehtiyaclar iyerarxiyasının növbəti pilləsi olan “aid olma və sevgi” ilə bitirmək istəyirəm… Erik Fromm “Sevgi sənəti” adlı kitabında sevginin sənət yoxsa insanın bəxti gətirəndə payına düşən hiss olması ilə bağlı suala müxtəlif arqumentlərlə öyrənilə bilən bir bacarıq və ya sənət olduğu cavabını vermişdir.  Bu mülahizələrindən birində isə o bildirir ki, fərdin yanlız başqalarını sevməsi, amma özünü sevə bilməməsi ümumilikdə onun sevmək qabiliyyətinin olmamasından xəbər verir. Özümüzü həqiqətən sevdiyimiz zaman isə ətrafımıza qarşı həssaslığımız artır və dünya ilə daha ahəngdar münasibət qurmağa başlayırıq. Şair demiş “dünyanın ağrıyan yeridi”. Ona da ağrılarından xilas ola bilməyi üçün elə sevgi lazımdır. İstəyirəm, bu sevginin rəngi yaşıl olsun. Özümüzə duyduğumuz sevgi, dünyaya bəsləyəcəyimiz sevginin ilk addımı, növbəti addımlar isə dayanıqlı vərdişlərimizdir.

Sadəcə bir az dəyişmək lazımdır. Ümid edirəm, bu dəyişim yolunda sizə  “ye, dua et, sev” fəlsəfəsi işıq tuta biləcək. Aktivistlər deyir ki, iqlim belə dəyişdi, sən niyə dəyişməyəsən?

Bir şərh yazın