Deməli, 2017-ci ildə oxuduğum kitabda Sokratın Afina bazarında gəzən zaman “Gör, dünyada mənə lazım olmayan nə qədər şey var!” cümləsi ilə xəfif silkələnmə yaşamışdım. İndi belə götürəndə Sokrat da elə belə adam olmayıb, dövrünün ən dahi insanı hesab olunurmuş əsası ilə “bir hikmət var” dedim və əşyalarımı sorğulamağa başladım. Sorğulamaq ilə başlayan bu proses bir müddət sonra əşyalarımın azalması ilə davam etdi; bəzilərini bağışlayır, bəzilərini atır, bəzilərini- daha çox yaxşı vəziyyətdə olanlarını isə daşdan pul çıxarmaq prinsipi ilə kiçik məbləğ qarşılığında satırdım. Bir müddət sonra fərqinə vardım ki, mənə məxsus olan əşyalara yüklədiyim enerji özümə geri qayıdır. Sən demə, bu baş verənlər minimalizm adı altında birləşmiş fəlsəfi baxışın təzahürləri imiş.
Sadəlikdəki mürəkkəblik
Xülasə verim ki, minimalizm az şeyə sahib olmağı, sadəliyin xoşbəxtliyə bərabər olduğunu tərənnüm edən istiqamətdir. Materializmə zidd olan bu baxış tələb edir ki, hər satınalma üzərində diqqətli düşünək, artıq sahib olduğumuz əşyalardan qurtulmaq üçün isə “son zamanlarda bu əşyanı nə vaxt istifadə etmişəm?” və “əgər bu əşya olmazsa, həyatımda hansı çətinliklə qarşılaşaram?” suallarına cavab verək. Əslində sizə də elə gəlmirmi ki, əşyalara xərclədiyimiz pulun bizə bəxş etdiyi müvvəqəti sevinc hissi və bəzən vitrində gördüyümz şeyə sahiblənməyin verdiyi eyforiya bizi xoşbəxt edə biləcək başqa şeylərin yerini zəbt edir. Özümüzü yaxşı hiss etməyəndə alış-veriş etmək cəhdi isə bizi gerçək duyğulardan uzaqlaşdırır. Vurğulamadan keçə bilməyəcəyim bir məsələ də odur ki, bir əşyanın istehsal periodunda itirilən enerji, ona sahibləndiyimiz zaman qazandığımız enerjidən də dəfələrlə çoxdur. Məsələni bir az sadələşdirək.
Göydən 3 əşya düşdü…
“Tənha adaya düşsəniz yanınıza alacağınız 3 əşya” sualına cavabı yəqin ki, ömrünüzdə bir dəfə də olsun düşünmüsünüz. Bəs mən cürət edib sualın miqyasını dəyişərək “siz o adaya bir bel çantasına sığacaq qədər əşya apara bilərsiniz” desəm necə?
Fərz edin ki, siz Alyaskanın izində olan Aleksandırsınız və hədəfinizə çatmaq üçün bir çanta ilə uzun yollar qət etməli, qarlı dağlar aşmalısınız, ya da başlanğıcda da qeyd etdiyim kimi bir bel çantası ilə tənha bir adadasınız. Belə olan halda, əşyalarınızdan hansını bu çantaya yerləşdirmək istəyərdiniz? Sahib olduğunuz, dəyər verdiyiniz əşyaların hamısı bu çantaya sığardımı? Qeyd edim ki, sizin Mr.Bean kimi əşyalarınızı kəsib-doğrayıb ora yerləşdirmək şansınız da yoxdur. Seçim etmək çətindir düzdürmü? Ya da çox asan: ən vaciblərini seçməklə. Bəs onda vacib olmayan əşya niyə var? Təəssüf hissi ilə bildirməliyəm ki, xarici ölkəyə gedəndə kitab rəfimizdə olan bütün kitabları belə özümüzlə apara bilmirik. Deməli, dərin düşünsək, məhz bu məqamda anlayarıq ki, əslində pul verib aldığımız əşyalara heç də həmişə sahib deyilik.
Reklam sektoru daim bizi inandırmağa çalışır ki, təqdim etdikləri məhsula ehtiyacımız var. Əslində isə qarderobumuzda ehtiyacımız olan sadəcə iki dəst ayaqqabıdır. “Fight Club” filmindən xatırlayarsınız; Reklamlar bizi ehtiyac duymadığımız maşınların və paltarların dalıyca qaçmağa məcbur edir. Nifrət etdiyimiz işlərdə işləyir, lazım olmayan şeylər alırıq. Hər gün işə gedir, axşamlar tez yatırıq və bunun qarşılığında əldə etdiyimiz yeganə şey kreslo dəstidir.
Bəzi əşyalarımızın; qarderobda çox bəyənərək aldığımız, amma hələ də geyinmədiyimiz köynəyin, kitab rəfində oxumadığımız kitab olduğu halda dözməyib yenisini aldığımız və digər bir çox əşyanın zamanının gələcəyini gözləsək də, inanın mənə o zaman gəlmir.
Azın faydası
Həyat tərzini minimalist prinsiplər üzrə qurmaq, eyni zamanda, dünyanın problemlərlə mübarizəsində 1-0 irəlidə başlamasında payı olmaq deməkdir. Belə ki, mütəxəssislər minimalizmi iqlim dəyişikliyinin həlli yolu kimi göstərirlər; nə qədər istehlak azalsa, öz növbəsində o qədər də istehsal azalacaq. Bu azalma isə istehsal prosesində və ölkələrə daşınma mərhələsində əmələ gələn karbon tullantılarının dəfələrlə aşağı düşməsinə zəmin yaradacaq. Digər tərəfdən, sübut olunmuşdur ki, bu gün aldığmız məhsul 6 ay içərisində tullantıya çevrilə bilir. Tullantıların yer kürəsində yaratdığı ciddi problemlərdən uzun-uzun yazmağıma isə indi ehtiyac yoxdur, yəqin edirəm ki, bir çoxunuzun bu barədə az da olsa, məlumatı var. Ekoloji fayda verən bu baxışın nümayəndələri “Green minimalist” adlandırılırlar. Onlar bu yolda birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullardan, qida qablaşdırmalarından imtina edirlər, tərəvəzləri qabığı ilə yeməyə üstünlük verirlər (qeyd edim ki, həm faydalı, həm də dadlıdır), tez çürüməyə və xarab olmağa meyilli olan qida mallarını ehtiyac miqyasında satın alırlar, istifadə etmədikləri əşyaları tullamaq yerinə kiməsə bağışlayırlar, hər makiyaj məhsulundan bir ədəd əldə edirlər, qazanclarını əşya yerinə yeni təcrübələrə, gəzintilərə, fəaliyətlərə həsr edirlər, alış-veriş zamanı plastik paketləri eko çantalar ilə əvəz edirlər və s. Siz də qeyd etdiklərimə əməl etməyi seçsəniz həm özünüzə, həm də ətraf mühitə fayda verməklə dünyanı yenidən yaşıla boyaya bilərsiniz.

Əlqərəz, deməyim odur ki, hər mövzuda minimalist düşünün; enerjinizi sizdən alan yox, sizə təkrar-təkrar geri qaytaran fəaliyyətlərə sərf edin. Əgər bir gün xoşbəxtlik dalıyca uzaq ellərə baş alıb getmək istəsəniz, geridə qoyduqlarınızın sizi narahat etmək kimi bir pis “xasiyyəti” olacaq. Məkandan, əşyalarınızdan asılı olmadan azad yaşamanın axtarışında bir çanta ilə trayektoriyanızı təyin etmək üçün asılılıqlarınızdan qurtulun. Həmçinin, qısaca qeyd edim ki, minimalizm tarazlıq və sakitliyin açarıdır. Dağınıqlıqdan qurtulmaq sülhdür. Əşyalarınızı azaltsanız və tənzimləsəniz artıq evdə “qayçını axırıncı dəfə hara qoymusunuz?” və yaxud “mənim corabım hardadır?” kimi cümlələrlə başlayan dialoqların mübahisələrlə sonlanmasına şahid də olmayacaqsınız.
Sual dolu cümlələrlə yazımı bitirirəm. Tyler Durdenin də dediyi kimi, sahib olduğunuz şeylər sonda sizə sahib olur. Onların əsiri olmaq istəyərdinizmi? Həm də axı biz öləndən sonra bizim əşyalarımıza nə olur..?

Bir şərh yazın