6 yaşlı bacım qızından aldığım cavab kimidir hərb və sənət. Soruşuram: “müharibə nədir?” deyir: “əsgər, vətən, həə bir də rəhmətə getmək”. Yenə soruşuram “bəs incəsənət nədir?”, bu dəfə heç nə demir, sadəcə baxır, yəni bir növ sual dolu baxır. Halbuki o, 3 yaşından bəri pianinoda heç kimin yardımı olmadan sadəcə qulağına xoş gələn hər musiqiyə rəng qatmaqla ifa etməyi bacaran biridir. Nəticə: müharibə təcrübədə, sənət ruhda yaşanandır. Bir-birinə təsir göstərən bu iki anlayış destruktiv və konstruktiv formada insan oğlunun əməli kimi meydana gəlir.
Bu gün yazıram: Müharibə, incəsənət və sülh.
İncəsənət və müharibə bir-biri ilə daim harmoniyada olan, bir-birinə müsbət və mənfi mənada təsir göstərən iki sənət formasıdır. Acığınız tutmasın, zira mən də qədim Çin nəzəriyyəçilərinin yalançısıyam. Dedikləri budur ki, müharibə özü də bir sənət növüdür.
Tarixin uzun keşməkeşli yollarını hesablayanda təxmin edilir ki, 6000 ildən bəri tayfalar, xalqlar, dövlətlər arasında silahlı münaqişələr, yəni müharibələr baş verir. Bu isə o deməkdir ki, elə lap qədim dövrlərdən siyasi, ideoloji və strateji məqsədlərlə bir qrup şəxs digər qrup şəxsə zorakılıq, şiddət və digər “alətlər”lə dağıdıcı təsir göstərir. Mənə görə, bu tarixi yol amerikalı rejissor Stanley Kubrickin şiddətlə izlənilməsini tövsiyə edəcəyim “2001: A space odyssey” adlı filmindəki 4 milyon il əvvəl baş verən proseslərlə oxşarlıq təşkil edir. Belə ki, filmin başlanğıcında meymunlar sabit, iyerarxiyasız, təbii yaşayırlar o ana qədər ki, meymunlardan biri ilk aləti kəşf edir. Bu alət ölmüş, nə vaxtsa qidaları olmuş heyvan nəşinin bel sümüyü, geniş pəncərədən baxdıqda isə təkamül prosesinin ilk rəqabət qığılcımıdır. Dəqiqələr keçdikcə şahidi oluruq ki, kəşfi edən meymun hegemonluğu əldə edir və proses qəbilələşmə və müxtəlif tələblər üzərinə qurulan “müharibələrlə” davam edir. Filmin irəliləyən səhnələrində biz bu cür təkamül nəticəsi olan texnologiyanın inkişafı ilə kosmik gəmilərin “yeni alət” rolunda çıxış etdiyini anlayırıq. Öz növbəsində yeni münaqişələrin mərkəzinə işarə olan bu epizod bizə yüksək texnologiyanın məhsulu olan qorxunc silahları müvafiq olaraq nüvə, bioloji və “soyuq” müharibələr kimi müasir dövr müharibə anlayışlarını xatırladır.
İncəsənətin tarix yolunda müharibə ilə paralel gedən keşməkeşli yolu isə bir az fərqlidir. Əgər yenə bir filmə bənzətməli olsam, ispan rejissor Pedro Almodovarın filmlərini seçərdim. Çünki orada bir rəngarənglik var; nə olduğu bəlli olmayan, öz həqiqi mənasından kənarda qalan, sətiraltında əzab, travma və s. mənası daşıyan rəngarənglik.
Freydlə bağlı yenə psixoanaliz yönümlü hansısa bir kitabda deyilirdi ki: ehtiyaclarımızı, hislərmizi şüurlu şəkildə bizi heyvanlardan fərqləndirəcək formada qəlibləndirmək üçün mədəniyyət anlayışından istifadə edirik. İncəsənət isə ehtiyac və hislərimizin bu qəlibdən daşmaq həddinə çatanda meydana gələn təsvir forması kimi izah edilir. Bizə verdiyi həzz və xoşbəxtlik aurası da məhz bununla bağlıdır. Fikrimcə, Freydlə (əsrlər öncə bənzər fikri Platon səsləndirmişdir) məhz bu məqamda şəksiz-şübhəsiz hamı razılaşar.
Ortaya qarışıq sənət
Bu gün məlum olan propaqanda üçün sui-istifadə hallarını nəzərə almasaq, bizim üçün “İkinci Dünya Müharibəsi”-ni sanki öz gözlərimizlə görmüş kimi ruhumuzda hiss etməyimizə səbəb filmlər, tarixi məqamların beynimizdə həkki rəsmlər, yaşanan emosiyaların bıçaq kimi kəsici ağrısı isə inkar etməzsiniz ki, musiqilərin sayəsindədir. Musiqi demişkən, deyilənlərə görə Stalinqrad döyüşündə almanlar şəhəri müharisəyə alanda ruslar əsgərlərin əhvalını pozmaması üçün Baxın simfoniyasını səsləndirirlər. Bir müddət sonra atışmalar dayanır. Nə baş verdiyini anlamayan rus əsgərləri simfoniya bitdikdən sonra bir daha təəccüblənirlər. Alman əsgərləri “yenə Bax səsləndirin, söz veririk, atəş açmayacağıq” deyə bağırmağa başlayırlar. Reallıq payı nə qədərdir bilmədiyim bu hadisə qulağa elə Baxın musiqisi qədər xoş gəlir.
1910-1917-ci illərdə Meksikada diktaturaya qarşı baş verən üsyan inqilabla sona çatandan sonrakı dövrdə sənət öz sözünü deməyə başladı. Təxminən 1920-ci illərdə əhalisinin yarısından çoxunun oxuma-yazması olmaması səbəbi burada muralizm incəsənət hərəkatının yaranmasına təkan verir. Muralizm sosial, politik və ideoloji mesajların divar rəssamlığı və freska sənəti ilə təbliğatı deməkdir. Meksika xalqını birləşdirmək adına yaradılan bu sənət hərəkatının nümayəndələri bildirirdi ki, “biz rəsmlərimizi muzeylər üçün yox, xalq üçün çəkirik.” Zaman-zaman digər ölkələrə də ayaq açan bu hərəkat müharibənin incəsənətlə olan duelinə ən bariz nümunədir.

Qoy sizə danışım, elə soyuq müharibədən. O illərdə müharibənin “soyuq izinə” biz incəsənətdə də rast gələ bilərik. “Global Art və Cold War” adlı kitab bu mövzu ilə bağlı araşdırmaları özündə əks etdirir. Məlum olur ki, amerikalı hər hansı bir rəssamın məsələn Jackson Pallockun əsərlərində ifadə azadlığı əks olunduğu halda, Sovet rəssamlarının əsərlərində isə xüsusi disiplin hiss olunur. Hətta qeydlərdə bildirilir ki, SSRİ-də rəssamlardan “olanı” yox, “olmalı olanı” rəsm etməyi tələb edirmişlər. Gündəmimizi əhatə edən müharibə xəbərlərində biz müşahidə edirik ki, müasir soyuq müharibə yenə özünü göstərir. Rusiyanın Ermitaj muzeyinin baş nümayəndəliyi Avropa sərgilərindən öz əsərlərini geri istəməyə başlayıb. Bura Monetin, Pisarro, Renoir və Picasso kimi rəssamların əsərləri daxildir. Rusiyada işlər bu cür irəlilədiyi halda, Ukrayna öz əlində qalan eksponatları dağıntılardan xilas etmək üçün muzeylərdən sığınacaqlara köçürür. Sözüm onadır ki, incəsənət hər nə qədər gedişata müsbət təsir göstərsə də, bəzən bunun qurbanı da ola bilir.
Sülh- həm qəliz, həm də ki vacib
Yuxarıda apardığım uzun və ciddi söhbətdə “alət” ifadəsindən istifadə etməyim boşuna deyildi. Əgər incəsənət də bir alət növüdürsə, niyə sülh üçün ondan yararlanmayaq. Məsələn öz ölkəsi üçün tanınmış sənətçi suriyalı Tamman Azzam baş verən münaqişələrin nəticələrini, dağıntılarını elə xoş formada sənətə çevirib ki, bunu lap yunan mifologiyasında Narkissosun ölümündən sonra bitən çiçəyə bənzətmək olar. Dağılmış binanın Gustav Climtin “The Kiss” rəsmi ilə boyadılmağı, xüsusilə də, dağıntı qalıqlarından Amerikanın “Azadlıq heykəli”nin prototipini hazırlamaq sülhü çağırmağın ən gözəl vasitəsidir. Daş kərpiclərin arasından böyüməyə cəhd göstərən balaca yaşıl otların əzmi kimidir, sənətçinin və onun timsalında Suriya xalqının sülh eşqi.

Buna bənzər işlər Fələstindəki divar sənətləridir. Yaradıcı Banksydir. Ona məxsus olan hansısa divar rəsminin təsiri BMT-nin sülhlə bağlı qəbul etdiyi hər hansı bir qərarın təsir gücünə bərabər bəlkə də daha artıqdır.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədi dayanıqlı təməl üçün sülhün və ədalətin bərqərar olmağıdır. Bu gün mən baxış aspektini bir balaca dəyişdirib, onsuz da gündəmi sarsan müharibə xəbərlərindən ziyadə məsələyə gözəl gözlərlə, sənət gözüylə baxmağı təklif edirəm. Batal janrdan uzaq həlim qələminizlə sülhü bayraq edə bilərsiniz. Fikrimcə, insanlığı yalnız incəsənət xilas edə bilər.

Nigar üçün bir cavab yazın Cavabı ləğv et