Kimlərsə həmişə dramatik olmağa məcburdur: ya qaranlıq səhnədə fonda Hendelin “Sarabande” musiqisi ilə işığın mərkəzi hədəfində bir nöqtə üzərində kədərli simasının kölgə saldığı məğrurluğu ilə dərin bir ah çəkib “dear world” xitabı ilə insanlara çağırış edərək, ya da bəlağətli cümlələrlə; bir az ağrılı-acılı, bir az da Bollywood filmlərindəki zoom effekti yaradacaq tonlarda yazılar yazaraq. İzninizlə, bu gün mən də bir az dramatikəm.
İstəyirəm yazam, DİM gündəliyinin çalarlı cədvəlinin ən ağır mövzusu hesab edilən “aclığa son” mövzusunda. Şübhəsiz ki, əhali arasında sorğu keçirmədən də belə nəticəyə gəlmək olar ki, respondetlərin 70%-i aclıq deyəndə “Somali uşaqları”nı xatırlayacaq. Nacizanə məramım bu anlayış spektrini genişləndirmək və həll yolunda iştirakçılığa vəsilə olmaqdır. Yazımın ciddiyyətinin və həssaslığının qoxusu sizi narahat etdisə, sizə tövsiyə edərdim ki, Youtube platformasında Aleksandr Kabanelin belə rəsm edə bilməyəcəyi uşaqların baxışları ilə dolu “aclıq” videolarını izləyəsiniz. Sonrasında isə sizi burada gözləyəcəyəm.

“Aclığa giriş”
Özümü universitetdə leksiya oxuyan müəllim kimi hiss etməyimə əsas verəcək hissəyə iki dəqiqə baş çəkək, sonra yenidən davam edərik. Ərzaq çatışmazlığından yaranan və Qlobal Aclıq İndeksi ilə müəyyən olunan bu termin 0 ( aclığın olmadığı) və 100 (ifrat aclıq) arası göstəricilərlə hesablanır. BMT 2022 hesabatına əsasən aclıqla mübarizə aparan ölkələr sırasında Cənubi Sudan, Yəmən, Efiopiya və Nigeriya ilk dörtlüyü tutaraq Hindistan və ÇAD kimi digər Asiya və Afrika ölkələrini arxada qoyur. Qıtlığın səbəbi kimi Asiyada əhalinin sayının qida ehtiyatları ilə tərs mütənasib olması, Afrika ölkələrində isə ərazinin coğrafi olaraq bəxtinin gətirməməsi əsas götürülsə də, geriyə qalan əlavə səbəbləri göz ardı etmək qeyri-mümkündür. Müharibələr, işğalçılıq, kölə ticarəti, iqlim dəyişikliyi, bununla yanaşı, idarəçilik, düzgün bölgünün aparılmaması problemin əsas dayaq nöqtələri hesab oluna bilər.

Bu məqamda təhsil faktorunun önəmini xüsusi vurğulamaq istəyirəm və sizə bir filmlə gəlirəm. Afrika, quraqlıq, taxılçılıq və.s kimi ifadələr sizə ilk baxışdan “12 Years a slave” filmini xatırladırsa, yaddaş rəfinizə yenisini yerləşdirməyin vaxtıdır. “The boy who harnessed the wind” adlı filmi dilimizə çevirməyə çalışsam, özünüzü AzTV kanalında hiss edəcəksiniz. Ona görə də uzun cümlələrlə qısaca deyim ki, hekayə Afrikanın cənub-şərqində yerləşən Malavi ölkəsində yaşayan, ailəsi ilə gün ərzində bir dəfə yemək vaxtının səhər, günorta yoxsa axşam yeməyi olmasına qərar verməyə etiraz edən oğlanın küləyə fərqli prizmadan baxması ilə nəticələnən proseslər haqqındadır. Bu film bizə göstərir ki, daim videolarda gördüyümüz əhalinin arasında, heç şübhəsiz ki, qidadan əlavə qurtuluş yolunu axtaran ağıllı beyinlər də mövcuddur. Həmin “the boy” nəinki keyfiyyətli təhsil, ümumiyyətlə, təhsildən məhrum olmasına baxmayaraq, balaca kitabxanadan tapdığı təlimatlarla qarşısındakı maneləri dəf edir və küləyi çıxış yoluna çevirir. Sadəcə bir kitab ilə..

Afrikanın tarixinə nəzər yetirsək, görərik ki, rəqs, musiqi, heykəltaraşlıq kimi mədəniyyət və incəsənət nümunələrinin zənginliyi bu ərazinin parlaq keçmişini gizlətməyə çalışanların cəhdlərini açıq-aşkar faş edir. Maslov piramidasının təməl bazası olan aclıq ehtiyacını ödəyə bilməyən insan bu cür incilər yarada bilməz. Müzakirə mövzusu “Afrikanı kim bu günə qoydu?” sualına cavab tapmaq deyil, onun ən yaxşı versiyasını yaratmaq üçün ümidin olmasına dair sübutdur. Antidramatik mövqedən baxsaq, musiqinin ritmlərinə uyğun olaraq vücudlarının fərqli hissələri ilə cavab verə bilən, individual tərzə sahib olan Afrikalı əhali hər şeyə rəğmən xoşbəxtliyi əks etdirən rəqsləri və dolu-dolu gülüşləri ilə bu ümidin olduğunu daim bizə göstərməyə çalışır.
Aclığa son
Təsəvvür edin; tərəzinin bir gözündə aclıqdan həyatını itirən 1 milyard insan, digər gözündə isə qarnını doyuracaq qədər yeməyi olan, gözünü doyuracaq qədər yeməyi olan, hər ikisini heç cür doyura bilməyən insan kütləsi durur.. Dantenin “İlahi” komediyasında xüsusi yer alan, xristianlığın 7 ölümcül günahından biri hesab edilən acgözlük bu gün dövrümüzün əsas problemidir. Halbuki elm sözün əsl mənasında aləmi bir-birinə vuran Tomas Maltusun əksinə sübut edir ki, hal-hazırda dünyada yaşayan bütün əhalinin ehtiyacını təmin edəcək qədər resurs var. Ədalətin izi ilə gedəndə məhz bu məqamda insan yolunu itirə bilər; eynən Suzanna Kolinsin bir gün TV-də şou proqram izləyərkən kanalı dəyişib müharibə xəbərləri ilə qarşılaşması ilə “Aclıq Oyunları” romanını yazmağa qərar verdiyi kimi..
Problemin qarşısını almaq üçün ölkələr qlobal səviyyədə birləşib humanitar yardımlar edir və “zero hunger” çağırışları ilə müəyyən mənada preventiv tədbirlər görürlər. Lakin FAO (Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) bildirir ki, Afrika ərazisində əkin üçün yetərli ərazi olsa da, torpağın aşağı səviyyəli məhsuldarlığı, sulama məhdudluğu, texniki dəstək və ticarət problemləri prosesin icra olunmasında ən böyük əngəllərdir. İqlim dəyişikliyi görülən tədbirlədən həmişə iki addım qabaqdadır, məhz buna görə də effektiv nəticə hələ də əldə edilməyib.
Biz isə öz növbəmizdə mikrosəviyyədə kənd təsərrüfatının inkişafına və yerli fermerlərə dəstək olmaqla torpağın məhsuldarlığının əldə edilməsini təmin etmək prosesində iştirak edə bilərik. Məsələn, eyvanımızda öz kiçik fermamızı yaratmaqla dört tərəfimizdəki icmanı “qonşudan dala qalma” prinsipinin köməyi ilə prosesə cəlb edə bilərik. Nəzərə alsaq ki, hər gün milyonlarla yemək qalıqları restoranlar və fərdlər tərəfindən tullantıya çevrilir, fərdi formada qida və ərzaq məhsullarının israfını minimuma endirmək üçün qida rasionumuza diqqət edə bilərik. Təqribi hesablamalar göstərir ki, hər il israf olunan qida məhsulları ilə 2 milyon insan öz qida ehtiyacını ödəyə bilər. Təkcə Amerikada 2 milyard 700 milyon meyvə və tərəvəz məhsulları estetik səbəblərdən istehsalçıya çatmadan tullantıya çevrilir. Bu istiqamətdə atıla biləcək digər addım isə hüquqi cəhətdən tənzimlənən qida yönümlü müəssisələrdə israfçılığın qarşısının alınması ilə bağlı tələblərlə çıxış etməkdir.
Bəlkə qeyd etdiyim cəhdlər, ötürdüyümüz enerji bir gün öz nəticəsini göstərər və Madaqaskar eyni adlı animasiya filmindəki kimi ruhumuza nəşə qatacaq yaşıllığa və Julienin süfrəsindəki rəngarəng nemətlərə sahib olar deyə, bunları etməyə dəyər. Hələlik isə bu yerdə qələmimi yerə qoyuram.

Sərxan üçün bir cavab yazın Cavabı ləğv et