“Ağaclar ayaqüstə ölür”

Bir gün günlərdən xoşbəxtlik idi və mən də şad-xürrəm yolumu qayıdırdım. Məhəlləmizə daxil olanda, təbiri caizsə, Aşıq Ələsgərin də dediyi kimi: elə bil lap “sındı qol qanadım yanıma düşdü”. Qəhər və kədər hislərim təlatümə gəldi. O hislər ki, Pisarronun əsərlərini ağacsız təsəvvür etməyə, Mikelancelonun təsvirlərindəki cənnətin izi olan ağacların heç bir zaman çərçivəsində mövcud olmadığını düşünməyə bərabər idi. Həmin hislərin səbəbi-ziyarəti isə yuxusuz gecələrdə eyvana çıxıb oyaq gördüyüm ağacların kütləvi şəkildə kəsilməsi idi.

“Bu qədər ədəbiyyat bəsdir” deyib reallığa qayıtmaq istəyirəm. İndi öz aramızdır, Herman Hesse də deyiləm ki, sizlərə ağaclardan mədhiyyə düzüb onları vəsf edim. Lap bu məqamda bir ağacın ildə təxmini 120 kg oksigen istehsal etməsi, pis qoxulu və kirli qazları əmməsi, sel fəlakətinin və torpaq eroziyasının qarşısını alması, havada nəmlənməni, suda təmizliyi təmin etməsi kimi bioloji və coğrafi biliklər də nə karədir ki, sadaladıqlarımdan hər hansı biri sizi ürəyiniz istəyəndə ağacdan yarpaq qoparmaqdan yayındıra bilsin. Əlqərəz, “yazmaq ya yazmamaq..” adlı dilemmadan doğan düşüncələri görməzdən gəlib sonuncu ölən o ümidlərin və DİM gündəliyinin 15-ci məqsədinin xətrinə yazmağı seçdim…

Ağaca sevgi

İnsanlar bəzi şeyləri tez-tez səhv salırlar; dar küçələrdə parkdaymış kimi gəzir, parklarda isə həmişə harasa tələsirlər, ya da piyada keçidindən çəkinərək keçir, zolaq olmayan yollardan isə Şah Abbasın nəvəsi kimi keçirlər. Bir də bəzən bizi yaşadan şeyi məhv edir, bizi öldürən şeyi isə yaşadırlar. Elə götürək, ağacları. Sapı özündən olan bu Erosun oxu bir ağaclara tuş gəlməyib elə bil. Ağacları sevməkdə çox tərəddüdlüyük, nədənsə. İspan yazarın dediyi kimi: ağaclar ayaqüstə ölür, fürsət tapıb yaşlanmamış onları məhv edirik.

Əslində Erik Frommun “ sevmək sənəti” adlı kitabı ilə harmoniyada sizə ağaclara sevgidən danışmaq lap yerinə düşərdi amma iş belə gətirdi ki, bir yağışlı payız gecəsi Peter Wohllebenin yamyaşıl kitabı ilə rastlaşdım. Deyəsən, o müjgan oxu mənə dəymişdi; bu kitab ağacları sevmək üçün əla bəhanədir. Sizə bir az ondan danışım..

Fərz edin ki, ağaclıq bir sahədə təkbaşına gəzirsiniz. Ola bilsin ki, bu sizə sıxıcı gələcək. Danışmağa həmyoldaş axtaracaqsınız..Bəs işdir, mən sizə desəm ki, siz orada tək deyilsiniz, onda necə?

Mən də çox istəyərdim ki, burada “The lord of the rings” dünyasındakı ağacların reallığının həqiqət olduğunu deyim, lakin siz ciddiyyətimi sorğulamadan bildirim ki, bu sadəcə mübaliğədir. Mən yox, amma meşə tədqiqatçısı Peter Wohlleben elə buna bənzər fikri ilə ağacları insaniləşdirdiyinə görə elm adamları tərəfindən müəyyən müddət tənqidə məruz qalıb.. Onun fikrincə, ağac bir fərd, meşə isə bir toplumdur. O, insan kimi sosial bir varlıqdır və sosial davranış sərgiləyə bilir. Belə ki, ağaclar yeraltı şəbəkələr vasitəsi ilə bir-biriləri ilə daim əlaqədə olur, su və qidalarını paylaşır və təhlükə zamanı isə xəbərdarlıq edirlər. Yəni sosializm meşələrdə hələ də yaşayır.

Deyilənə görə, ağacların əsas ünsiyyət vasitəsi onların kökləri (wood wide web), “gətir-götür” işlərinə baxan işçiləri isə yeraltı miselyumlarıdır (sap formasında göbələk hissəciyi). Tutalım, bir ağac “ac”dırsa, yəni şəkər ehtiyacı varsa, o zaman digər ağaclar öz yoldaşları ilə şəkər mübadiləsi proqramını icra etməyə başlayırlar. Əgər bir ağac qarşılqlı ünsiyyət prosesində iştirak etmirsə, bu həmin ağacın zəiflədiyinin və təhlükədə olduğuna işarədir. Yaxud, meşələrdə hər hansı bir canlı ağacdan yarpaq qoparıb yeməyə başlayırsa, həmin ağac toksin ifraz etməyə başlayır və digər ağaclara özlərini qorumaları ilə bağlı xəbərdarlıq göndərir..

Diqqətlə baxsanız, yıxılmaqda olan hər hansı bir ağacın başqa ağaca söykəndiyini, digərinin köməyindən yararlandığını müşahidə edə bilərsiniz. Hətta ağaclara məlumdur ki, fotosintez prosesi onların daha tez böyüməyinə yol açır və bu onların tez tələf olmalarına səbəb olur. Məhz bu səbəbdən, onların öz “övladlarını” bir növ qorumaq üçün taktikaları işığın qabağını tutmaq olur.

Cəfəngiyyatdır, bunlar sadəcə təbiət hadisəsidir” cümləsi hal-hazırda beyninizdə cərəyan edir. Bilirəm. Hamısı sizə duyğu köklü, reallığa uzaq, bəzəkli və romantik cümlələr və bir sözlə, ədəbiyyatdan sui-istifadə kimi görünür. Zənnimcə, reallıq payına önəm vermədən (nəzərə alsaq ki, bu bizim ilk təcrübəmiz olmaz) sadəcə ağacları sevmək üçün onlara belə məna yükləməyin bir o qədər eybi yoxdur. Məqsəd onları sevmək və qorumaq üçün səbəbimizin olmasıdır.

 “Ağacı böyüdəcəyəm..”

Həsən Seydibəylinin sevdiyim ekran işlərindən biri olan “Sən niyə susursan?” filmində belə bir səhnə var; balaca qızcığaz yolun ortasında gözləyir ki, maşınlar dayansın və insanlar ağac əksinlər. Buradakı uşaq sanki gələcək nəsillərə işarədir, Həsən bəyin ümidini, gələcəklə bağlı gözləntisini ifadə edir. Ağac əkməkdən imtina edən, hətta buna ikrahla cavab verən Rasim obrazı isə o dövrün inikasıdır. Təəssüf hissi ilə bildirməliyəm ki, biz o uşaq ola bilməmişik, hələ də Rasimik. Amma sevindirici hal odur ki, bu səhnədə bir də film boyunca susan, danışmayan ağac əkməyi qəbul edən və bu davranışı ilə Rasimi də ağac əkməyə təşviq edən Cəmilə obrazı da var.

Bəlkə, siz də Cəmilə kimi ağac əkmək eşqinə düşərsiniz deyə son olaraq sizinlə ağac əkməklə bağlı qeydlərimi paylaşmaq istəyirəm:

Ağac əkmək üçün ilk şərt düzgün fəsli seçməkdir; qışı mülayim keçən ərazilərdə ağacı payız aylarından əkməyə başlamaq daha effektivdir. Ağac əkimi üçün nəzərdə tutacağımız yeri 1-2 həftə öncədən qazdıqda torpağın (alt və üst hissə qarışdırılmamalıdır) bu proses üçün daha rahat və əlverişli vəziyyətdə olması üçün şərait yaratmış oluruq. Tövsiyə edirəm ki, seçimimiz məhsuldar torpaqdan yana olsun ki, gedişatda gübrəyə ehtiyacımız olmasın. Əkmək istədiyimiz 1 və yaxud 2 illik ağac tinglərini qazdığımız çalalara kök boğazdan dərin olmamaqla yerləşdiririk. Əgər əkdiyimiz ağac calaqdırsa, bu zaman calaq torpağın üstündə qalmalıdır. Əvvəldə də qeyd etdiyim torpağın üst tərəfi münbit olduğuna görə yeni əkim prosesində alt təbəqə üçün nəzərdə tutulmalıdır. Ayağımızla və yaxud əlimizlə kök hissənin havasız və möhkəm qalması üçün yeri bərkitməliyik. Qısa gövdəli ağacların müvazinətini qorumaq üçün dirəkdən istifadə etmək zəruridir. Əkim prosesindən sonra isə yeni ağacı bolluca sulamalıyıq.

Payızın bitməyinə çox az qalıb. Mən də bir ting götürüb gedəcəyəm ağac əkməyə. Sonra da deyəcəyəm ki, “Tanrıbəy dayı, mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm ki, bu gün dünyanın ən ciddi problemi olan qlobal istiləşmənin qarşısını ala bilsin.”…

““Ağaclar ayaqüstə ölür”” üçün 4 cavab

  1. Hər sözün bir birini tamamlamağı, hər cümlənin dərin məna ifadə etdiyi bu bloqu bəyənməmək, oxuduqca valeh olmamaq mümkün deyil, bir sözlə mükkəmməldir☺️

    tərəfindən bəyənildi 1 şəxs

    1. Əziz Gülər,çox önəmli və global bir mövzuya toxunduğun üçün təşəkkürlər. Çox möhtəşəm bir məqalədi, son sətirlərin məni məndən aldı. Çox möhtəşəm əllərinə sağlıq👏

      tərəfindən bəyənildi 1 şəxs

  2. Nadir belə məqalə yazan bloglar var, hansı ki özündə həm bədiiliyi, həm elmi tərəfi, həm obrazlılığı eyni anda qələmə alır. 4 gözlə digər məqalələri gözləyirəm. 🤩

    tərəfindən bəyənildi 1 şəxs

  3. Yenə də hərtərəfli və bir o qədər faydalı məqalə. Çox sağ olun, Gülər xanım 🙏

    Ağacların ayaqüstə hər zaman böyüməsi diləyi ilə…🍀

    Bəyən

Fidan Huseynzade üçün bir cavab yazın Cavabı ləğv et